Transformatorların Diferensial Mühafizəsi (ANSI 87T)

Giriş və çıxışdakı cərəyanların müqayisəsinə əsaslanan diferensial mühafizə transformator və avtotransformatorlarda zədələnməni cəld təyin edən əsas mühafizə kimi istifadə olunur. Mühafizə selektivdir, dolaqlarda, çıxışlarda və açarla birləşmələrdə baş verə bilən bütün növ zədələnmələrdə təsirlənir və transformatoru hər iki tərəfdən açmağa dözmə müddətsiz təsir edir. Diferensial mühafizənin təsir zonası cərəyan transformatorları qoyulan yeri əhatə edir (OG, AG şinləri). Mürəkkəb olması ilə əlaqədar olaraq diferensial mühafizzə gücü 5 MVA-dan çox olan transformatorlarda quraşdırılır.

Müasir rəqəmli qurğularda çox vaxt diferensial mühafizəni qiymətləndirmək üçün iki xarakterik hissəyə malik xarakteristikadan istifadə edirlər. Şəkildə- də iki hissənin müxtəlif əməliyyat rejimi göstərilmişdir. Xarakteristikanın aşağı hissəsi kiçik qiymətli diferensial cərəyanların əməliyyatı üçün nəzərdə tutulmuşdur və eyni zamanda xarici zədələnmələr zamanı cərəyan transformatorlarının doyma prosesinin araşdırılması üçün istifadə edilir.

Uzunmüddətli xarici zədələnmələr zamanı və eləcədə avtomatik təkrar qoşma proseslərindən yaranan səbəblərdən cərəyan transformatorlarında doyma prosesi gedə bilər. Belə halda doyma prosesinin qeydə alınması çətinləşdiyi üçün xarakteristikanın bu hissəsində əlavə təhlükəsizlik tədbirləri həyata keçirilir.

Xarakteristikanın üst hissəsi böyük qiymətli diferensial cərəyanlar üçün nəzərdə tutulmuşdur. Xarici zədələnmələr zamanı diferensial cərəyanların və eləcədə tormozlama cərəyanlarının qiyməti böyüyür və nəticədə mühafizə xarakteristikanın üst hissəsində işləyir. Bu hissədə isə cərəyan transformatorlarının  doymasının təyini rahat qeydə alınır.

Diferensial mühafizədə 3 və ya 2 komplekt cərəyan transformatorundan (transformatorun üç tərəfində yerləşən) istifadə olunur. İkinci tərəf cərəyanların qiymətə və fazaya görə bərabərləşdirilməsi mühafizə tərəfindən avtomatik hesablama yolu ilə aparılır. Bunun üçün transformatorun və cərəyan transformatorlarının parametrləri daxil edilir. Buna görədə cərəyan transformatorlarını hər tərəfdə “ulduz” sxemi ilə yığmağa imkan yaranır ki, bu da öz növbəsində ikinci tərəf dövrəsindəki yükü azaldır.

Transformator yüksüz qoşulan zaman maqnitlənmə cərəyanının sıçrayışından diferensial mühafizənin səhv işləməsinin qarşısını almaq üçün qısa qapanma cərəyanının ikinci harmonikasına qarşı bloklanma istifadə olunur. Eyni zamanda cərəyanın beşinci harmonikasınınbloklaşdırılması artıq təsirlənmə (transformatorun dolaqlarına nominaldan artıq gərginliyin verilməsi) zamanı maqnitlənmə cərəyanının artmasından diferensial mühafizənin səhv işləməsinin qarşısını almaq üçün nəzərdə tutulur və əvvəlki bloklama ilə birlikdə işləyir. Bloklamanın olması bizə diferensial mühafizənin işləmə cərəyanını transformatorun nominal cərəyanından kiçik götürməyə imkan yaradır.

 

Bir Açıqlama Yazın